Məqalələrim


           “Promethean” interaktiv  lövhələrinin  tədrisə tətbiqi
Müasir dünyada klassik lövhə və təbaşiri elektron lövhə və elektron qələm əvəz edir.
Hər bir şagirddə kiçik yaşlarından ətrafında gördüyü hər şeyi tanımaq, öyrənmək qığılcımı alovlanır, ona hələ tanış olmayan nə varsa özünə cəlb etməyə tələsir, yeni bilik və vərdişlərinə sevinir. Bəzən bizim dərslərdə bu qığılcımı sönməyə imkan verməyib, əksinə, alovlanmasına kömək edən o rəngarənglik çatışmır. Müasir dərs rəngarəng, emosional, effektiv, ən əsası isə produktiv olmalıdır. Ancaq o zaman uşaqlara verilən biliklər uzun müddət unudulmayacaq, onun gələcək təhsilinin möhkəm əsasına çevriləcək. Müəllimə  bu mürəkkəb məsələnin həllində İKT avadanlığı, xüsusilə də interaktiv lövhələrdən istifadə kömək edə bilər.
Təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi - zamanın tələbidir. Dərslərdə İKT-nin imkanlarından, xüsusilə də interakiv lövhədən geniş istifadə olunması tədris prosesini daha yaddaqalan, maraqlı etməklə yanaşı,şagirdlər tərəfindən mövzunun daha dərindən dərk edilərək mənimsənilməsinə, həmçinin təhsilin keyfiyyətinin artmasına, sərbəst işlərin çoxalmasına, öyrənməyə marağın artmasına zəmin yaradır.
İnteraktiv lövhə ilə işləmə zamanı şagirdlərin onun imkanlarına olan ilk reaksiyası onlarda özünü aydın biruzə verən coşğunun, ruh yüksəkliyinin yaranması oldu. Bir toxunuşla lövhədə baş verən dəyişikliklərin belə effektli olması dərsə olan həvəsi birə beş artırdı.
İnteraktiv lövhənin  üstünlüklərindən biri də ondan ibarətdir ki, onunla fərdi işləmədən əvvəl kifayət qədər kompyuter savadı olmayan şagirdlər belə lövhədə işləməyi öyrənməkdə elə də çətinlik çəkmədilər.
İnteraktiv lövhə mənə dərslərimi daha da rəngarəng, informativ və maraqlı qurmağa şərait yaradır. Lövhədə baş verən hadisələr sanki uşaqları ovsunlayır və şagird fikrini yayındırmır. Dərsdə interaktiv lövhədən istifadə şagirdin diqqətini cəlb etmək və onun yayınmasının qarşısını almaq üçün qiymətli bir vasitədir. Bu, xüsusilə, diqqəti yayınıq uşaqlarla iş zamanı daha əhəmiyyətlidir. İnteraktiv lövhə dərsin tempini artırmağa və bütün sinfin diqqətini dərsə cəlb etməyə imkan yaradır. Adi lövhədən fərqli olaraq bu lövhə ilə işləmə zamanı şagirdlər daha da diqqətli , öyrənməyə həvəsli olurlar.
Elektron lövhə şagirdlərə psixoloji maneəni aşmağa, lövhə qarşısında qorxu və utancaqlığı dəf etməyə də imkan yaradır.Onunla işləyərkən şagird asanlıqla və çəkinmədən öz bacarıqlarını nümayiş etdirir. Bu zaman sinifdə laqeyd şagird qalmır, bütün fənlər əlçatan və maraqlı görünür. Şagirdlər üçün oxumaq maraqlı olur. Görərək qavramaları daha da güclənir, diqqəti toplamaq qabiliyyəti artır, materialı daha yaxşı başa düşüb yadda saxlayırlar.
Adi lövhədən fərqli olaraq elektron lövhədə işləyərkən müəllimin daha geniş iş sahəsi və əvvəlki yazdıqlarına bir idarəedici düymənin köməyilə qayıtmaq imkanı var. Bu vaxta qənaət etməyə və dərsi daha effektiv qurmağa imkan yaradır.Həmçinin bu lövhə
müəllimiin pedaqoji axtarışları üçün geniş diapazon açır. Adi lövhə ilə qurulan dərsdə şagirdin aktiv iş fəaliyyəti dərsin 15-20%-ni təşkil etdiyi halda, elektron lövhənin köməyilə qurulan dərslər bu vaxtın 75-80%-ə qədər  yüksəlməsinə imkan yaradır.
Qeyd etmək istərdim ki, elektron lövhədən istifadə müəllimdən həm də ciddi və uzunmüddətli hazırlıq, kompyuterlə işləmək bacarığı tələb edir. Ancaq bu halda sərf olunmuş zaman və çəkilmiş əziyyətlər mütləq arzuolunan nəticəyə gətirəcək.
Bunu da bilmək vacibdir ki, interaktiv lövhə - dərsdə bütün problemləri özü yoluna qoyan, onu maraqlı və rəngarəng edən bir sehirli çubuq deyil. Onu da düşünmək lazım deyil ki, elektron lövhədən mütləq hər dərsdə və ya dərsin hər mərhələsində istifadə etmək lazımdır. Digər resurslar kimi interaktiv lövhədən də məqsədyönlü istifadə etdikdə daha effektiv nəticə əldə etmək olar. Elektron lövhə ilə dərsləri qurarkən şagirdlərin yorulmaması və yüklənməməsinə, sağlamlığı qoruyan üsullardan istifadə edilməsinə diqqət yetirmək vacibdir.
Yuxarıda sadaladığım bütün bu keyfiyyətlər otağımda quraşdırılmış Promethean ActivBoard 300 Pro markalı interaktiv lövhə ilə işləmə zamanı qənaətə gəldiyim üstünlüklərdir. Bu lövhələrin təhsildə tətbiqi Təhsil Nazirliyi və “Edumedia-Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilir. Lövhələr İngiltərənin “Promethean” şirkəti tərəfindən istehsal edilir.
Mən bu yazımda ActivBoard 300 Pro interaktiv lövhədən və onun tədrisdə tətbiqini daha maraqlı və interaktiv edən Activİnspire proqram təminatının geniş imkanlarından danışmaq istəyirəm. İbtidai sinif müəllimini digər fənn müəllimlərindən fərqləndirən cəhətlərdən biri də 4 il ərzində 8 fənni tədris etməsidir. Adı çəkilən proqram təminatı müxtəlif fənləri tədris etmək üçün geniş imkanlar açır. Məhz sinif otağında istifadəsi üçün nəzərdə tutulmuş Activİnspire proqramı müəllimə tədris prosesində interaktiv lövhənin bütün imkanlarından istifadə etməyə şərait yaradır. Bu proqram müəllimə yeni  maraqlı dərslər yaratmağa, həmçinin ayrı ayrı şagirdlərin , qrupların, eyni zamanda bütün sinfin qiymətləndirilməsinə imkan verir. (ActivExpression) Onu da qeyd etmək istərdim ki, bu proqramın üstünlüklərindən biri də onun aşağı və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş yaş interfeysləri seçiminin təqdim olunmasıdır.



Proqramın ümumi resurslar qovluğunda təqdim olunan müxtəlif mövzularda, ayrı-ayrı fənlərin tədrisində istifadə edilə bilən çoxsaylı şəkillər, fonlar, səs effektləri, şablonlar,
rəngləmələr, pazllar, interaktiv tapşırıqlar, didaktik oyunlar, dərslərin qurulmasında lazım olan müxtəlif alətlər (düymələr) maraqlı tapşırıqlar yaratmaq üçün əlverişli vəsaitdir. Bu vəsaitlərin müvafiq başlıq altında qovluqlarda yerləşdirilməsi müəllimə istədiyi resursu tez bir zamanda tapmağa imkan verir. Həmçinin müəllim öz hazırladığı resursları “Mənim resurslarım” bölməsində müvafiq adla yaratdığı qovluqda saxlaya və ondan gələcək dərslərində də istifadə edə bilər.
Eyni zamanda müəllimlər bu proqramın vasitəsilə “Promethean Planet” adlı onlayn icmaya çıxış da əldə edə bilərlər.Bu portal məşhur nəşriyyat evləri,proqramçılar və təhsil ekspertləri üçün aparıcı kanal və eyni zamanda müəllimlərin əməkdaşlıq etməsi, qabaqcıl təcrübə, sinif işləri və xüsusi maraq kəsb edən sahələrlə bağlı biliklərini paylaşması üçün virtual məkandır. Portala çıxış almaqla müəllimlər orada yerləşdirilmiş 75000-dən çox hazır interaktiv elektron resursdan (dərslər, animasiyalar, dərs icmalları və s. resurslar) istifadə etmək imkanı əldə edirlər.
Lövhənin ActivPen adlanan sensor qələminin imkanları müəllimə və şagirdə flipçartın sərhədlərindən kənara çıxmağa, real alətlərdən istifadə etməyə, istənilən kompyuter proqramında işləməyi mümkün edir.
Proqramın digər üstün cəhəti lövhədə dəftər vərəqini əks etdirmək üçün (damalı və ya birmil) torun olmasıdır.Bu ibtidai siniflər üçün, xüsusilə də , I sinifdə hərf və rəqəmlərin orfoqrafiyasını tədris edərkən müəllimin köməyinə çatır. Əvvəl hər bir şagirdə yazını hardan başlamasını , sətrin və ya damanın  yerini fərdi şəkildə göstərmək lazım gəlirdisə, artıq  lövhənin köməyilə buna ehtiyac qalmır. Müəllim eyni anda bütün sinfə lövhədə nümayiş etdirir, şagird isə lövhədəki ilə dəftərindəki qeydlərin uyğun olub- olmadığını özü təyin edir.Bu zaman diqqətin cəmlənməsi inkişaf edir. Həmçinin torun köməyindən  müxtəlif resursların hazırlanmasında da istifadə edilir. (pazzl, cədvəl və ya sxemlərin qurulmasında və s.)
Kişikyaşlı məktəblilər interaktiv lövhə ilə işləməyi çox xoşlayırlar. Belə ki səhv etdikləri an qələmin köməyilə səhvi silir və ya hərəkəti geri qaytarırlar. Bu da onlara lövhə qarşısında daha ürəkli olmalarına şərait yaradır.  
Proqramda təqdim olunan riyazi alətlərin (pərgar, sirkul, xətkeş , günyə, kalkulyator, koordinat başlanğıcı) rolu əvəzsizdir. Bu alətlər müəllimə dərsi daha aydın və əyani şəkildə izah etməyə kömək edir.
Promethean lövhə müəllimə tədris edəcəyi mövzunun üsul və vasitələrini seçməkdə geniş imkanlar verir.
Lövhənin bundan əvvəl istifadə etdiyim elektron interaktiv qurğudan fərqləndirən özəl funksiyası var. İkinəfərlik iş rejimində işləmə funksiyası müəllimə müxtəlif fənlərin tədrisində cütlər və ya qruplar arasında maraqlı yarışlar, estafetlər, oyunlar keçirmək imkanı yaradır.


Dərslərimdə tez tez istifadə etdiyim və şagirdlərimin çox sevdikləri bir neçə interaktiv tapşırıqlardan nümunələr göstərmək istərdim:
-“Sehrli qələm”;
-“Gizlilik”
-“anaqram”, “pazzl”, “krossvord”
-test tapşırıqlarını və ya ikinəfərlik iş rejimində maraqlı oyunlar yaratmaq üçün istifadə etdiyim doğru və ya səhv cavabların sayını avtomatik göstərən düymələr;
-“Konteyner”və s.
Artıq bir neçə müddətdir ki dərslərimdə bu lövhənin imkanlarından geniş istifadə edirəm. Şagirdlərim də onunla işləmək bacarığına asanlıqla yiyələnmişlər. Hətta yoldaşlarından nisbətən geri qalan şagirdimin belə fəallaşaraq lövhədə işləmək həvəsini görəndə daha çox sevinirəm. Onlar arasında lövhə ilə bağlı keçirdiyim sorğuda aldığım cavablar bir daha bunu təsdiqlədi.
Məmmədova Məsturə- lövhənin sinifdə quraşdırılan günü uşaqlar arasında böyük coşğu, sevinc hissi var idi. Hamı səbirsizliklə onun işə salınmasını gözləyirdi. Nəhayət müəllim onu işə saldı. Bizə işləmə qaydalarının ilk elementlərini başa saldı.  Mən isə özümü bir anlıq “Sehrli xalat” filmindəki Rəşidlə Zərifənin səyahət etdikləri gələcəkdə hiss etdim. Onların bir toxunuşla kitablardakı məlumatları oxuması sanki bizim lövhəni xatırladırdı.
Fətiyeva Leyla-müəllimənin bizim üçün hazırladığı maraqlı, əyləncəli tapşırıqlar çox xoşuma gəlir. Belə tapşırıqların köməyilə mən mövzunu daha tez başa düşür və yerinə yetirməkdə çətinlik çəkmirəm. Həmçinin tapşırıqlarda müəllim müxtəlif rəngarəng şəkillərdən istifadə edir. Bu şəkillər insana zövq verir.
Qədirov Xəlil- lövhəni işə saldıqdan sonra müəlliməmiz ilk olaraq məni lövhəyə çağırmışdı. Qələmi əlimə aldım . Həyəcan hissi ilə onu lövhəyə toxundurdum. Kiçik bir qələmin belə möcüzələr yaratmasına heyran olmuşdum. İndi bu həyacandan bir iz də qalmayıb. Asanlıqla , müəllimin müdaxiləsi olmadan lövhədə işləyirəm. Hətta bəzən özümü sehrbaza da bənzədirəm.
Heydərova Pəri- mənim əyləşdiyim parta arxa cərgədə yerləşir. Lövhənin ölçüləri hətta arxa partada əyləşənlərə belə orada nümayiş etdirilənləri aydın görməyə imkan yaradır.
Gözəl səsucaldısının olması isə əlavə səs qurğusunun qoşulmasını tələb etmir.
Hüseynli Rəvan- mən birinci sinfə qədəm qoyanda sinif otağımızda təbaşirli lövhə var idi. Onda yazı zamanı əllərimiz, üstümüz bulaşır, sildikdə isə tozunu udmalı olurduq.
Sonra otağımıza markerlə yazılan lövhə verdilər. Müəyyən qədər problemi aradan qaldırsa da hələ də gigiyena qaydalarına tam əməl etmək olmurdu. Daha sonra müəlliməmiz bizim üçün   interaktiv qurğu aldı. Problemlər müəyyən dərəcədə həll olundu. Lakin elektron lövhənin gəlişi bu sahədə demək olar ki çevriliş etdi. İndi “sehrli qələmlər”in köməyilə həm yazır, həm pozur, şəkil çəkir, obyektlərin yerini dəyişir, rəngləyir,musiqi dinləyir və s. işlər görürük.
Mahmudlu Süleyman-bu lövhə ilə işləməyi öyrənmək mənim üçün çox asan oldu. Onun ən çox xoşladığım üstün keyfiyyəti eyni anda iki nəfərin üzərində işləyə bilməsidir. Onun köməyilə biz tez-tez sinifdə qruplar arasında , xüsusən riyaziyyat dərslərində estafet yarışlar, oyunlar keçiririk.




Qeyd etmək istərdim ki, bu elektron lövhə yalnız müəllimin köməkçisi ola biləcək bir vəsaitdir. Ondan effektiv istifadə isə müəllimin özündən-yəni onun imkanlarından nə dərəcədə istifadə etmək bacarığından asılıdır. Düzgün seçilməmiş material və zaman həddi dərsin keyfiyyətinin artmasına deyil, əksinə edə bilər.
İnteraktiv lövhədən daha səmərəli istifadə etmək üçün sözsüz ki, ilk növbədə onun proqram təminatını dərindən öyrənmək və onunla istifadə zamanı köməyi  ola biləcək resursları təyin etmək lazımdır.
Şagirdlər bu lövhənin geniş imkanlarını asanlıqla mənimsəyirlər. İnteraktiv vəsaitlər uşaqları ruhlandırır və onları yeni biliklər əldə etməyə çağırır, nailiyyətlər qazanmağa kömək edir. Promethan lövhədən istifadə hər bir dərsi dinamik edir, bunun nəticəsində dərsin ilk mərhələsindən şagirdlərin diqqətini cəlb edir və dərs bounca bu motivasiyanı qorumaq mümkün olur.
Elektron lövhə müasir texnikanın tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına  kömək edir

Müəllif:     Bakı şəhəri, Sabunçu rayonu, C.Məmmədyarov adına
                  155N-li tam orta  məktəbin ibtidai sinif müəllimi
                  Məmmədova Vəfa
                   memmedova.v@mail.ru

http://karyeram.az/“promethean”-interaktiv-levhələrinin-tədrisə-tətbiqi.html








Комментариев нет:

Отправить комментарий