AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri (Konstitusiya maddəsi)
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri (Konstitusiya maddəsi)
I.Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
DÖVLƏT BAYRAĞI
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının
9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul
edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina
edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar
Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi
tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və
üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi
haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl
rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını,
qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək
istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.
Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti
1:2-dir.
Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən
keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında
qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali
Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni
müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin
qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət
gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı
1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə
bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul
etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət
gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan
Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin
müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən
ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir.
Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri
fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin qabarıq təsviri:
-Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
-Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
-Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının
binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti
kabinetlərinə;
-Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
-Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına
vurulur.
DÖVLƏT HİMNİ
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər
Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul
etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan
edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu
Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət
himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük
bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş
"Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Musiqisi: Üzeyir Hacıbəyovun Sözləri: Əhməd Cavadındır |
|
Azərbaycan, Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üç rəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər! Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən, şanlı Vətən! Azərbaycan, Azərbaycan! |
Комментариев нет:
Отправить комментарий